Sifarişçi: SOCAR Downstream
Podratçı (EPC): HECOTEC MMC

Layihə haqqında:
HECOTEC MMC, Heydər Əliyev adına Neft Emalı Zavodunun (NEZ) 169 hektar ərazisində mövcud neftli-yağlı su və kanalizasiya sistemlərinin mühəndis-axtarış və inspeksiya işlərini həyata keçirir. Layihə çərçivəsində tutulan xətlər açılır, xəritələndirilir və beynəlxalq standartlara uyğun layihələndirmə həlləri hazırlanır. Bir sıra mərhələlər artıq uğurla tamamlanıb.

Layihənin əsas istiqamətləri:

  • Zavod ərazisində mövcud bütün neftli-yağlı su və kanalizasiya xətlərinin dəqiq topoqrafik ölçülməsi və rəqəmsal xəritələşdirilməsi (diametr, material, vəziyyət, dərinlik, axın istiqamətləri və borunun axar kodu daxil).
  • Yeraltı boru xətlərində qeyri-qanuni birləşmələrin yüksək dəqiqliklə yerinin təyin  olunması.
  • Kənardan daxil olan məişət kanalizasiya xətlərinin müəyyənləşdirilməsi və zavod ərazisindən çıxarılması üçün yeni layihə həllərinin hazırlanması.
  • Müasir texnologiyalar (GPR, Sonda (transmitter), EM detektor, GPS (GNSS RTK),  və s.) ilə mövcud xətlərin axtarışı, boroskopla daxili yoxlanması və vəziyyətlərinin qiymətləndirilməsi.
  • Tutulmuş xətlərin “jet & vacuum truck” texnologiyası ilə təmizlənməsi və bərpası.
  • Yağlı tullantı sularının və məişət sularının ayrılması üzrə layihə hazırlanması, həmçinin “Azersu” magistral kanalizasiya kollektoruna qoşulma nöqtəsinin dəqiq müəyyənləşdirilməsi.
  • Ətraf mühitin qorunması üçün zərərli qaz emissiyalarının qarşısını almaq məqsədilə mühəndislik təkliflərinin hazırlanması.

Nəticə:
Bu layihə Heydər Əliyev adına NEZ-də tullantı sularının effektiv idarə olunmasını təmin edir, ekoloji təhlükəsizliyi artırır , Karbon emissiyalarının davamlı idarə olunmasını təmin edir və zavod infrastrukturunu beynəlxalq standartlara uyğunlaşdırır.